Davamlı tibbi təhsilin məqsədi praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.
Sual-cavab
Davamlı tibbi təhsil ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.
Davamlı tibbi təhsilin zəruri miqdarının hesablanması davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir.
Davamlı tibbi təhsilin tətbiqinin ilk 5 ili (2018-2022-ci illər) keçid dövrü hesab olunur.
Keçid dövründə həkim sertifikasiya dövrünün (həkimə sertifikasiya üzrə şəhadətnamənin verildiyi tarixdən 5 il müddətinə olan dövrün) hər ili üçün təkmilləşdirmə kursları və (və ya) toplanma sistemi metodları vasitəsi ilə minimum 48 davamlı tibbi təhsil krediti toplamalıdır.
Kreditlərin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
- hesabat ilində toplanmış kreditlər həkimin fərdi peşəkar inkişafının illik hesabatında əks etdirilir, kreditlərin hesablanması elektron sistem tərəfindən aparılır;
- fərdi peşəkar inkişafın illik hesabatı həkimin işlədiyi müəssisənin rəhbəri tərəfindən təsdiq olunur.
Təkmilləşdirmə kurslarının və toplanma sisteminə daxil olan tədbirlərin kredit ekvivalenti və həmin kreditlərin təsdiqlənməsi üçün tələb olunan sənədlər “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nın 1 nömrəli əlavəsində verilmişdir.
Tədbirlərin akkreditasiyası − onların “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”nda müəyyən edilmiş meyarlara uyğunluğunun müəyyən edilməsi və bu tədbirlərin müvafiq kredit sayı ilə təmin edilməsindən ibarət olub, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən həyata keçirliir.
Akkreditasiya üçün müraciətlər Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Davamlı tibbi təhsil” bölməsinin müvafiq keçidi (“Davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası üçün müraciət”) vasitəsi ilə qəbul edilir.